Türkiyə və Azərbaycan mediasında bu günlərdə paylaşılan xəbərlərdə terrorbaşı, uşaq qatili Abdullah Öcalanın çağırışı ilə PKK terror təşkilatının özünü buraxacağı və Türkiyə dövlətinə qarşı apardığı hərbi qarşıdurmaya son qoyulacağı xəbərləri tirajlanmaqdadır. Bundan sonra PKK “siyasi və hüquqi” yollarla mübarizə aparacaqmış…
Son beş ildə dünyada sürətli şəkildə dəyişən siyasi olaylar zatən PKK kimi terror təşkilatlarının fəaliyyətlərini ya ortadan qaldırdı, ya da arxa plana keçirdi. Demək olar ki, yoxa çıxmaq üzrədirlər. Ağaları üçün heç bir "cəlbedicilikləri" qalmayıb.
Son illərdə Kürd xalqından PKK-ya hər hansı bir qatılımın olmadığını Türkiyədəki beyin mərkəzlərinin rəhbərləri, ciddi qəzetçilər, siyasi şərhçilər çox yaxşı bilir.
Dövlət isə dəqiq statistiklərə sahibdir. Hətta partiyalarının güclü olduğu bölgələrdə belə son illərdə kürd xalqı özü artıq terroristlərin ayaqlanmasına imkan vermədi. Uğrunda “mübarizə aparırıq” dedikləri xalq belə PKK-nı rədd etdi.
Öncəliklə Sovet Rusiyasının maddi, mənəvi, siyasi, ideoloji və silah təchizatı ilə təmin edilən, sonra isə Amerikanın və digər Qərb ölkələrinin zaman-zaman istifadə etdiyi bu terror təşkilatının 50 illik fəaliyyətində Türkiyəyə qarşı heç bir tələbi həyata keçməmişdir. Türkiyə dövləti hər zaman başarılı əməliyyatları ilə PKK-nı darmadağın etməyi bacarmışdır.
Təbii ki, şəhidlər və mülki insan itkisi olmuşdur. Amma bir daha təkrar edirəm: terrorla heç bir tələb həyata keçirilə bilməmişdir. Heç bir gücü qalmayan, xalqından artıq heç bir dəstək ala bilməyən, 50 illik “mübarizəsində” nəticəsi olmayan bir terror təşkilatı zatən çökmüş və bitmişdir. Bu gün isə uzaqbaşı zəif gücləri ilə bir müddət Amerikaya Suriyada lazım ola bilərlər. Bu qədər.
Bu üzdən biz bu xəbərlərə sevinmək əvəzinə düşünməliyik. Düşündürücü məqam isə budur ki, bitmiş bir terror təşkilatının ağ bayraq qaldırması görüntüsü nəyə xidmət edir və nədən topluma sevinclə tirajlanır?
Yəni, terrorla bacarmadıqlarını siyasi dialoqla bacarmaqları üçün bu ağ bayrağın avantajlarından türk toplumuna qarşı istifadəmi olunur? Hər halda bu təslimiyyət bayrağı mənim heç xoşuma gəlmədi.Diqqətlə izləməkdəyik.Çox həssas məqamlardan keçirik.
Türkiyənin gücü Azərbaycanın gücüdür!
Anar Esedli