Əyildikcə Yüksəlmək…
Bəzən insan həyatın axarında o qədər yorulur ki, nə yuxusu dinc olur, nə də qəlbi rahat. İnsanı yorub incidən çox vaxt baş verən hadisələr deyil, həmin hadisələrə baxış bucağımızdır. Çünki biz çox zaman gücü səhv yerlərdə axtarırıq — başqalarının gözündə, dünyanın təmtərağında, zahiri mövqedə. Halbuki, insanın əsl ucalığı onun daxili səssizliyində, qəlbinin sükutunda gizlidir.
"Əyildikcə yüksəldiyin tək məqam, Allahın səcdəsidir."
Bu cümlənin sükutunda bir kainat gizlidir… Çünki əsl yüksəliş insanın öz eqosunu əzdiyi, qürurunu yerə qoyduğu, bütün varlığı ilə Yaradanın qarşısında əyildiyi andan başlayır.
Biz çox zaman həyatda ucalmaq, daha böyük olmaq, daha çox görünmək üçün çırpınırıq. Amma unuduruq ki, həqiqi yüksəliş insanın içindədir. Qürurun divarları dağılanda, mənliyinin daşları torpağa qarışanda, qəlbin yalnız bir Mərhəmət Sahibini çağıranda — bax, o zaman insan göyə doğru yüksəlir. Çünki səcdə yalnız alnın yerə toxunması deyil, ruhun Allahın nuruna qovuşmasıdır.
Səcdə – susqun bir etirafdır…
Orada nə söz var, nə izah, nə də iddia. Orada yalnız Sən və Yaradan var. Əyildikcə kiçilmirsən, əksinə, Yaradanın mərhəmətinə daha çox yaxınlaşırsan. Dünyanın səni yıxdığı, insanların səni incitdiyi, həyatın səni sınadığı hər anda səcdə sənə yeni bir üfüq açır.
Hər əyilişdə bir az eqon qırılır, bir az qürurun dağılır, bir az mənliyin ərir… Və sən əslində özündən azad olduqca ucalırsan. Həyatın bütün imtahanları səni Yaradanın dərgahına aparmaq üçündür. İnsanı yıxan dərdə baxma, səni səcdəyə aparan səbəbə bax… Çünki o dərdin içində gizlənən nur səni daha yüksək mərtəbələrə aparır.
Səcdə insanı azad edir. Dünyanın səs-küyündən, insanların sözündən, nəfsin oyunlarından… Orada nə rütbə var, nə sərvət, nə də mövqe. Orada sadəcə bir qul və onun Rəbbidir. Səcdə insanın ən saf, ən təmiz, ən dərin anıdır.
Bəlkə də bu dünyada çox şeyi idarə edə bilmirsən… Amma səcdə edərkən kainatın Sahibi sənə ən böyük gücü bəxş edir: təslimiyyətin gücünü. Təslimiyyət kiçilmək deyil, tam əksinə, Yaradanın qüdrəti ilə böyüməkdir.
Unutma… Əyildikcə yüksəlirsən. Səcdədə torpaq qədər sadə, ulduz qədər uca olursan.
Hər kəsin səni anlamadığı, dünyanın səni unutduğu bir anda belə, səcdədə sən Allahın ən diqqət mərkəzindəsən. Və o anda bütün kainat susur… Sən və Yaradan qalırsınız…
Əyil…
Çünki səcdədə ruhun göyə ucalır, qəlbin nurla dolur, həyatın yeni bir mənaya bürünür.
Səcdə insanın Yaradanla qovuşduğu ən ali ünvandır. Əyildikcə yüksəldiyin tək məqam, həqiqətən də, Allahın səcdəsidir…
Pərvanə Salmanqızı.
İctimai xadim, jurnalist, şair-publisist.