Eluca Atalı
Kamil İnsanlığın yolu özü ilə döyüşdən keçir
Ürəyinizdə Ata Günəşi olsun, oxucularım!
Özkeçmişimi uzun-uzadı sizlərə danışa bilərəm, zatən, yazdığım kitablar əslində hardasa mənim özkeçmişimlə bağlıdır. Amma mənim bəxtimə düşən Asifçilikdir. Nədir Asifçilik?
Mənim Asif Ata Ocağının Evladı olduğumu çoxunuz bilirsiniz, bilməyənlər də var, təəssüf ki. O üzdən bəzən məni yersiz mesajlarla narahat edirlər, bundan da incimirəm, əqidəmə uyğun cavab verirəm. Amma bütün dostlarımı Asifçilik Yolunu öyrənməyə dəvət edirəm. Kimisə zorla Ata Evladı olmağa dəvət etmirəm. Qətiyyən bu fikirdə deyiləm. Çünki bu YOL fədakarlıq, özündənkeçmə tələb edir, bu gücü özündə tapanlar, daxili imkanlarını aşkarlayanlar yalnız bu yola düşə bilərlər. Mən bu yazımla "Siz nə iş görürsünüz?" - sualı ilə mənə müraciət edənlərə üzümü tuturam. Biz yeni xalq yaradırıq və digər ideologiyalardan fərqli olaraq bunu özgədən yox, özümüzdən başlayırıq. Ata deyir: "İnsan dəyişməsə, dünya dəyişməz! Bu səbəbdən də İNSANLAŞIN – İNSANLAŞDIRIN!" Bu YOL Ruhani İntibahla mümkündür. Ruhani İntibahda 6 əsas ideya var:
1.Mütləqə İnam
2.Kamil İnsan
3.Müstəqil Vətən
4.Ruhani Cəmiyyət
5.Özümlü Şərq
6.Ləyaqətli Bəşər
Ata Evladlarının qarşısında tələb qoyub – Kamil olun!!! Bəzi dostlarımızda elə fikir yaranıb ki, kamilin sinonimi olan "cahil" kəlməsi ilə bağlı... Burda cahillikdən söhbət getmir, adamdan söhbət gedir, adam özü ilə döyüşüb, özündəki səhvi, nöqsanı məhv etməklə Kamil İnsan ola bilər. Ata bizə deyirdi "Kamilliyə gedən yolunuzu uzatmayın, qısaldın." Kamilli bizim üçün ideal deyil, əl çatandır, biz Kamilliyimizlə Azərbaycana, Türk Dünyasına və Bəşərə nümunə olmaq istəyirik.