Tarih: 26.08.2024 16:31

Ey dost....!

Facebook Twitter Linked-in

Ömrü badə verdik zaman əlində,
Taqətdən düşürdük dizləri ey dost!
Çox yollar gözlədik əli, - belində,
Yollarında ağartdıq, gözləri ey dost.
₼₼₼
Yaşanan illəri xoşla qovladıq 
İtən hər arzuya can,- cilovladıq,
Qədərdə nə varsa tutduq, ovladıq, 
Udduq hər tənəli sözləri ey dost!
₼₼₼
Qərq olduq illərin, min cəfasında,
Aldanıb günlərin xoş səfasında, 
Daha mən nə deyim, söz vəfasın da,
Gördük, nə sırtılmış üzləri ey dost! 
₼₼₼
Səadət axtaran hər an tələsir, 
Can qəmi çeynəyir, canan tələsir,
İnan bu yolsuzluq səbrimi kəsir,
İtirdik yolları, izləri ey dost!
₼₼₼
Uca Yaradanın səbriylə qaldıq,
Bütün olanları bir qədər sandıq,
Bilərək yükləndik, bu yükü dandıq,
Qınayan,- qınasın bizləri ey dost!

Şəfəq Şərqiyyə lətifli




Orjinal Habere Git
— HABER SONU —